“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə qarşı keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis oyunöncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə “Marsel”i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi unutsunlar. İnşallah, bunu bacararıq. “Marsel” son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.




