Bu il Azərbaycanın Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, bu, olduqca mühüm addımdır və ölkədə rəqabətin təmin olunması üçün strateji həldir.
“2021-ci ildə məcəllə hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılma prosesi yekunlaşdı. Ümid varıq ki, son razılaşmalardan sonra bu il Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq və qəbul olma prosesi başa çatacaq”, – deyə M. Abbasbəyli qeyd edib.
Dövlət Xidmətinin rəisi həmçinin əlavə edib ki, bununla yanaşı, Azərbaycanda “Daxili ticarət haqqında” qanun layihəsi hökumətə təqdim olunacaq.





