Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.
Həmçinin qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Qeyd olunub ki, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.





