“Şəhidlər” abidə-kompleksinin açılışı olub

E82c4b19165045651882801965310116706.jpg

Masallı rayonunun Şərəfə kəndinin mərkəzində Böyük Vətən müharibəsi və Qarabağ şəhidlərinin şərəfinə yenidən qurulan «Şəhidlər» abidə-kompleksinin açılışı oldu. Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlandı. Böyük Vətən və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən qəhrəman Vətən övladlarının xatirəsini yaşadan «Şəhidlər» abidə-kompleksinin önünə qərənfillər düzən ziyarətçilərin birinci fikri belə oldu: “ Respublikanın hər yerində olduğu kimi, Masallıda da Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur.”

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış etdi:- Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şanlı qələbə qazandı. Bu haqq savaşımızda qəhrəmanlıq göstərən şəhid oğulların ömür yolları qısa, lakin şərəfli oldu.

Şərəfə ziyalılar kəndidir. Bu möhtəşəm «Şəhidlər» abidə-kompleksinin təşəbbüskarı da Şərəfə kənd folklor kollektivinin rəhbəri, ziyalı xanım Dürdanə Hüseynovadır. Kompleksin aşılısını etməklə bərabər, həm də üç medallı şəhidimiz Nurlan Fərrux oğlu Əbilovun birinci il mərasimidir. Biz Nurlan kimi vətənpərvər, igid gənclərlə hər zaman qürur duyacağıq. Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Dövlətimiz də öz növbəsində şəhid ailələrinə və əlillərə indi böyük qayğı göstərir.

Vətən müharibəsi Qəhrəmanı, şəhid Polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, veteran müəllim Xankişi Xankişiyev, Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynova və başqaları söz alıb kəndin şəhid oğulların Vətən və 1941-1945-ci il Böyük Vətən müharibəsində göstərdikləri şücaətdən danışdılar, onların xatirəsinin daim uca tutacağını dedilər, şəhid ailələri və Vətən yolunda sağlamlığını qoyan qazi qardaşlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatın, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, döyüşçülərin, müharibə veteranlarının, kənd sakinləri, ictimaiyyət və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə Şərəfə kənd orta məktəbinin şagirdlərinə də söz verildi. Onlar şəhidlərə, Vətənə, ordumuza həsr olunan şerlər söylədilər.