İstanbulda bu gün qəflətən hiss olunan zəlzələ şəhər sakinlərində təşvişə səbəb olub. Son dəqiqə xəbərlərinə görə, zəlzələnin episentri Silivri sahillərində yerləşib və onun gücü müxtəlif mənbələr tərəfindən fərqli qiymətləndirilir.
Redaksiya Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Hallar İdarəsi (AFAD) zəlzələnin gücünü 6.0 bal olaraq qeydə alıb. Digər tərəfdən, Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 6.2 bal kimi açıqlayıb. Zəlzələnin dərinliyinin 6.9 km dərinlikdə baş verdiyi qeyd edilir. Zəlzələnin baş verdiyi saat isə təxminən 12:50 radələrinə təsadüf edir. İlk zəlzələdən sonra isə 4.4 ballıq daha bir zəlzələnin olduğu qeyd edilir.
Zəlzələnin gücü o qədər hiss olunacaq dərəcədə olub ki, hətta televiziya kanallarının canlı yayımında da öz təsirini göstərib. CNN Türk kanalının canlı efirində aparıcı Məltəm Bozbəyoğlunun səsində titrəmələr müşahidə olunub, studiyadakı işıqların güclü şəkildə yelləndiyi bildirilir.
Sosial media istifadəçiləri də zəlzələ ilə bağlı çoxsaylı paylaşımlar edirlər. Xüsusilə Bahçelievler bölgəsində silkələnmələrin daha güclü hiss olunduğu barədə məlumatlar yayılır. Zəlzələni hiss edən insanların küçələrə axışdığı qeyd edilir.
Hələlik zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib. Lakin vətəndaşlar arasında narahatlıq davam edir. Rəsmi qurumlar tərəfindən yaxın saatlarda əlavə məlumatların verilməsi gözlənilir. İstanbul sakinləri ehtiyatlı olmağa və rəsmi mənbələrdən gələn xəbərləri izləməyə çağırılır.
Qeyd edək ki, bugün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir və hər yerdə şənliklər düzənlənib. Bu zəlzələdən uşaqların da qorxduğu və narahatlıq keçirdiyi bildirilir.
Sevinc Kərimova


