“Mübarizlər” İctimai Birliyi və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş Turan yürüşü adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Alpaqut döyüş sənətinin qurucusu kutsan Vasif Namazov tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ili tamam olur. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi.
Sonra çıxış edən ki, Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti Fərid Əlizadə Silahlı Qüvvələr günü belə bir tədbirin ərsəyə gəlməsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, idmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması, respublikamızın hər yerində bu sahənin inkişafı üçün yaradılan şərait böyük nailiyyətlərin qazanılması üçün geniş imkanlar yaradıb. Bu gün Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümünə həsr olunmuş yarış da məhz alpaqut idman növünün inkişafına daha da təkan verəcək.
Tədbirdə həmçinin Alpaqut döyüş sənəti haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, “Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Tədbirdə həmçinin müxtəlif fəndlər göstərilib. Oxatma və at üstündə oxatma yarışlar keçirilib. Tədbir Aşıq Cavanşirin ifasında bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirə “SARO” çayları, BAKU.NEW, Avtor.az və Redaksiya.az xəbər portalları informasiya dəstəyi göstəriblər.


