Bakıda ilk dəfə keçirilən «TEKNOFEST Azərbaycan» Aerokosmik və texnologiya festivalı iki qardaş ölkənin hərbi-texniki gücünü sərgiləyən möhtəşəm tədbir idi. Çünki hər bir inkişafın, tərəqqinin təməlində bilik, yeni texnologiyalar, yeni ideyalar dayanır. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət baçısı özünün şəxsində bildirdi ki, fəaliyyətində həmişə Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın müstəqil siyasətini təqdir edib. Hər iki ölkənin dövlət başçılarının qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına örnəkdir.»
Ən dəyərli məqam isə gənclərimizin «TEKNOFEST»in keçirilməsində bir daha dünyaya türkün gücünün göstərilməsi istəklərini ifadə etmələri idi. Eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, ötən il dünyaya səs salan Şuşa Bəyannaməsinin imzalanması əsasında rəsmiləşən müttəfiqliyi ilə hər zaman digər ölkələrə örnəkdir. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin bir yerdə olmaları, çoxəsrlik tariximizi birgə vərəqləmələri, bugünümüz, gələcəyimiz üçün bir təminatdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Ən əsası müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh, inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq. «TEKNOFEST» birliyimizin növbəti nümayişi, təzahürüdür» söyləyən dövlət başçısı, həmçinin bildirdi ki, bu həm də elm, inkişaf, texnologiya bayramıdır. Ona görə də bu tədbirdə iştirak edən Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq» sözlərinin həyatiliyinə əmin olmaq üçün təkcə çox da uzaq olmayan tarixə, 2020-ci ilin 27 sentyabr tarixindən bugünədək iki qardaş ölkənin bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir.
Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri

