Böyük, zəngin tarixə malik xalqımız tərəfindən sevə-sevə qeyd edilən tarixi günlərdən biri də 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu gün milli kimliyimizin əsası, varlığımızın, yaşamımızın təcəssümü, milli dəyərlərimizə qayıdışın qeyd edildiyi gündür. Bizlərə bu tarixi günü bəxş edən isə azərbaycançılıq ideyasının yaradıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu Ulu Öndər Heydər Əliyevdir. Bu tarix dövlətçilik və millətçilik yolunda sadiqliyimizin ən böyük nümunələrindən biridir. Xalqımız gözəl bilir ki, dilimiz də torpaqlarımız, tarixi ərazilərimiz kimi zaman-zaman təcavüzə məruz qalmış, məqsədli şəkildə assimilyasiyalarla üzləşərək, ağır repressiyalar dönəmi yaşamışdır. Bu istiqamətdə reallaşdırılan mənfur siyasətdə isə məqsəd gün kimi aydın idi – məhz xalqımızın əzab və məhrumiyyətləri bahasına milli düşmənlərimiz tərəfindən millətimizin öz kökündən qoparılması, qədim ənənələr və dəyərlərimizdən uzaqlaşdırılması, zəngin ədəbi nümunələrimizdən ayrı salınmasına istiqamətlənmiş qərəzli planlar. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı tarixin ayrı-ayrı dönəmlərdə müxtəlif əlifbalardan istifadə etmişdir. XX əsrin əvvəllərində latın qrafikalı yeni əlifbaya keçilsə də təəssüf ki bu proses uzun sürmədi, xalqımız qısa bir aradan sonra yeni bir əlifba dəyişimi ilə üzləşdi. Latın qrafikalı əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş millətimizə təmamilə yad olan yeni əlifba ilə əvəz olundu. Milli varlığımızdan, kökümüzdən ayrı salınmağa istiqamətləndirilmiş bu keçidlər, nəinki yazılı ədəbiyyatımıza, xüsusən də tariximizə böyük zərbələr vurdu, xalqımızın hədsiz məhrumiyyətlərlə üzləşməsinə səbəb oldu. Lakin bu gün dünya xalqları sırasında Azərbaycan adlı müstəqil dövlətin eyni adlı dövlət dili olan Azərbaycan xalqı layiq olduğu ən böyük uğurlarını yaşayır. Bu əlbəttə ki, vətənimizin yetişdirdiyi böyük oğulların səyinin, əməyinin nəticəsində əldə olunmuşdur. Faktdır ki, Ümummilli lider Heydər Əliyev hələ hakimiyyətinin ilk illərində, rus-sovet şovinist rejiminin ağır dönəmlərində belə milli dəyərlərimizə sadiqliyini göstərmiş, dilimizin qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. 1978-ci ildə rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində o vaxtkı SSRİ rəhbərliyinin təzyiqlərinə baxmayaraq Ulu Öndər böyük qətiyyətlə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilməsinə nail olmuş, gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dilimizi məharətlə qorumağı bacarmışdı. Heydər Əliyev hakimiyyətinin sonrakı dönəmlərində də bu müqəddəs vəzifəni layiqincə davam etdirdi. 2001-ci il avqust ayının 9-da Ulu Öndər tərəfindən daha bir tarixi əhəmiyyətli Fərman imzalandı. Məhz həmin fərmanla 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. O vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Əlbəttə ki, bütün bunlar Azərbaycan dilinə dövlət qayğısının nəticəsi, Ulu Öndərin ana dilimizə hədsiz sevgisinin yüksək nümunəsi, xalq qarşısında misilsiz xidmətlərindən biri idi.
Ülkər Əhmədova;
Neftçala rayonu, müəllim





