Vətən müharibəsi iştirakçısının övladı uğurla əməliyyat olunub

1705057162360809197 1200x630.jpg

Vətən müharibəsi iştirakçısı, hərbiçi Sənan Beydullayevin övladı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uğurla əməliyyat olunub.

Avtor.az nazirliyin feysbuk səhifəsinə istinadən bildirir ki, ana bətnində diaqnozu qoyulan körpə doğulan kimi tənəffüs çatışmazlığı səbəbindən intubasiya olunub və ağır vəziyyətdə institutun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb.

Körpə dərhal süni ventilyasiya aparatına qoşulub, ətraflı müayinə zamanı körpəyə anadangəlmə sağtərəfli diafraqmal yırtıq, sağ ağciyərin hipoplaziyası və pulmonar hipertenziya diaqnozları qoyulub.

Həkim-reanimatoloq Tamilla Orucovanın əməliyyatqabağı apardığı hazırlıqdan sonra uşağa Cərrahiyyə şöbəsinin müdiri Umud Musayev tərəfindən uşaq cərrahı Sona Cəbiyevanın assistentliyi, Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimovanın iştirakı ilə sağtərəfli torakotomiya, frenikoplastika və döş boşluğunun drenajı əməliyyatı icra olunub.

Aparılan müalicə nəticəsində uşaq sağalaraq evə yazılıb.