Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müasir, qüdrətli Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dövlətin müstəqilliyinin, suverenliyinin qorunmasında güclü ordunun müstəsna rolunu qeyd edən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır. Ordu olmalıdır, ona görə yox ki, biz hansısa dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.
Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün də gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.” Tarixə nəzər saldıqda görürük ki, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bununla da şərqdə ilk dəfə demokratik dövlət quruldu. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin ilk nizami hərbi hissəsi-Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Ümummilli lider hər zaman varislik ənənələrinə sadiq qalmaqla Azərbaycan ordusu barədə demişdir: “XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir.” Şərqin ilk demokratik Respublikası 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesi də dayandırıldı. Bu proses yalnız 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlişindən sonra yenidən geniş vüsət almağa başladı. Belə ki, onun xüsusi göstərişi və nəzarəti ilə hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı.
Məhz Ulu Öndərin qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olması Dövlətçilik tariximizin şanlı səhifələrindən biri hesab edilir. Lakin Ulu Öndərin ali rəhbərlikdən xəyanətkarcasına kənarlaşdırılması Ölkəmizi ölüm-qalım savaşı ilə üz-üzə qoydu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra isə bu sahədə olan mövcud vəziyyət 30 ilə yaxın müddətdə torpaqlarımızın yağı düşmənin tapdağı altında qalmasını şərtləndirdi. Müstəqilliyimizin ilk dövrlərində orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, orducu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, faktiki olaraq dövlət və ordunun bir-birindən ayrı düşməsi və ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi düşdüyümüz vəziyyətiin əsas amilləri idi. O zamankı rəhbərliyin vəzifə kürsüsü üstündə mübarizəsi, səriştəsiz, naşı, eyni zamanda xəyanətkar qüvvələrin öz maraqları naminə dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə qoymaq siyasətləri, vətəndaş müharibəsinə rəvac verən əməlləri tarixi qədimlərə gedən dövlətçiliyimizi cılız, qorxaq ölkə qarşısında məğlub duruma düşürdü. Lakin Ulu Öndərin belə bir ağır zamanda Azərbaycan xalqının çağırışına səs verməsi Ölkəmizi daha böyük bəlalardan xilas etdi. Ulu Öndər deyirdi: “Ordu xalqın bir hissəsidir.
Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir.” Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi ən yüksək səviyyədə davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.
Dahi Lider, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun peşəkarlığı və maddi-texniki təminatının ən yüksək səviyyəyə çatdırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritet istiqamətlərindəndir. Bütün görülən işlərin nəticəsi idi ki, Şərəf tariximizin yazıldığı 44 günlük Vətən Müharibəsində tarixi Qələbə qazanaraq düşməni diz çökdürdük. Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruğu” mənfur düşmənin başını əzərək öz şərəfli missiyasını ləyaqətlə icra etdi. Rəşadətli Azərbaycan Ordusu XXI əsrdə dünyada ilk dəfə olaraq məntiqli, həm də misligörünməmiş proqram və planla ərazi bütövlüyümüzü bərpa etməklə tarixi ədaləti bərpa etdi.
Əliheydər Qarayev;
Neftçala rayon sakini

