29 fevral tarixində Yevlax şəhərində İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində Aqrar Biznes Festivalı təşkil ediləcək.
Bu barədə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq festivalda Goranboy, Bərdə, Ağdaş, Tərtər rayonlarından olan fermerlər və sahibkarlar iştirak edəcək.
Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənəcək. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar veriləcək.
Mədinə Əliyeva toxumçuları və fermerləri Aqrar Biznes Festivalında fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, bu ilin ilk Aqrar Biznes Festivalı Salyan rayonunda keçirilib.





