Dekabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 16.387 müraciətdən 16.103-ü cavablandırılıb.
Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 91.78 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 58 saniyə ərzində cavab verilib.
Bundan başqa, Çağrı Mərkəzində interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri ilə ay ərzində 284 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 461 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
Xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər.





