Ağsu rayonunda 16 min 200 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edən 47 kilometrlik Ağsu–Çaparlı–Göylər avtomobil yolu bərpa edilməli, Ağsu Dairəvi avtomobil yolunun tikintisi tamamlanmalıdır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Ağsu–Çaparlı–Göylər avtomobil yolu Ağsu aşırımında hərəkətin məhdudlaşdırıldığı və ya dayandırıldığı hallarda rayonun Bakı və ətraf rayonlarla nəqliyyat əlaqəsinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Hazırda isə yol yararsız vəziyyətdədir.
O qeyd edib ki, Ağsu aşırımında baş verən sürüşmə nəticəsində hərəkətin ciddi şəkildə məhdudlaşması sərnişin və kiçik həcmli yükdaşımaları üçün alternativ marşrutlara ehtiyac yaradır.
“Xüsusilə yük avtomobillərinin aşırımdan hərəkətinə qoyulan məhdudiyyətlər nəzərə alınarsa, Ağsu–Çaparlı–Göylər yolunun bərpası həm də ərzaq təhlükəsizliyi və rayonun iqtisadiyyatı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə E.Mirzəbəyli vurğulayıb.
Deputatın sözlərinə görə, Ağsudan Çaparlı–Göylər istiqaməti ilə Bakıya məsafə 178 kilometr, Kürdəmir istiqamətindən keçməklə isə 234 kilometrdir. Aradakı 56 kilometrlik fərq yükdaşımaların səmərəliliyi, daşınma xərcləri və vaxta qənaət baxımından əhəmiyyətlidir.
E.Mirzəbəyli bildirib ki, bu məsələ ilə bağlı 28 aprel 2025-ci ildə Baş nazirə müraciət edib. Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən 21 may 2026-cı il tarixində verilən cavabda İqtisadiyyat Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq tapşırıqların verildiyi bildirilib.
“Lakin təəssüf ki, bu günədək problemin nə zaman həll olunacağı barədə konkret məlumat əldə etməmişik”, – deyə deputat bildirib.
O, ümumi uzunluğu 8,8 kilometr olan Ağsu Dairəvi avtomobil yolunun tikintisinin tamamlanmasının da vacibliyini diqqətə çatdırıb.
Bildirib ki, yolun 3,7 kilometrlik hissəsi yerli imkanlar hesabına istifadəyə verilib. Layihənin başa çatdırılması üçün Ağsuçay üzərində bir körpünün və yolun qalan 5,1 kilometrlik hissəsinin inşasına ehtiyac var.
Deputat, həmçinin Bakı–Şamaxı–Yevlax magistralını Bakı–Şamaxı–Qəbələ magistralı ilə birləşdirəcək Ağsu–Xanbulaq–Nüydü avtomobil yolunun tikintisinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, bu yolun inşası rayonun nəqliyyat imkanlarının genişləndirilməsi və turizm potensialının inkişafı baxımından mühüm rol oynaya bilər.
E.Mirzəbəyli diqqətə çatdırıb ki, Ağsu rayonunda həllini gözləyən digər mühüm məsələlərdən biri də 46 kənddə istismara yararsız vəziyyətdə olan elektrik təsərrüfatının yenidən qurulmasıdır.
Trend





