Amerika ağ kəpənəyinə qarşı fitosanitar monitorinqlər aparılıb

A50697ca b086 46ed 924e 35facc8e2df2 6a32a7f98603b

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri tərəfindən Binəqədi və Nəsimi rayonları ərazisində Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində fitosanitar monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı zərərvericinin vaxtında aşkarlanması, yayılma arealının müəyyənləşdirilməsi və ümumi fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılıb. Eyni zamanda, may ayında quraşdırılmış feromon tələlərə baxış keçirilib.

Müşahidələr göstərir ki, son illərdə Abşeron ərazisində Amerika ağ kəpənəyinin kütləvi yayılması tut, ağcaqayın və digər sahib bitkilərə ciddi ziyan vurur. İnsanların yaşadığı yaşayış məntəqələrində pestisidlərin tətbiqi məhdud olduğundan, zərərvericiyə qarşı ən effektiv mübarizə üsulu tırtılların yaratdığı torlu yuvaların mexaniki üsulla məhv edilməsidir.

AQTA tərəfindən həyata keçirilən bu kimi monitorinqlər zərərvericinin yayılmasının qarşısının alınması, fitosanitar sabitliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.