Şəki regional “ASAN xidmət” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib.
Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 8 istiqamət üzrə ümumilikdə 770 ədəd əl işi nümayiş etdirilib.
Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, bədii oyma və xalçaçılıq nümunələri daxildir.
Sərginin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının və yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların hazırladığı əl işlərinin satışına şərait yaradılması, əmək bazarına inteqrasiyasına və iqtisadi müstəqilliyinin dəstəklənməsinə töhfə vermək, həmçinin cəmiyyətə inteqrasiyasını və sosial fəallığını təşviq etməkdir.





