Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan-Alman dostluq həftəsi” çərçivəsində “Azərbaycan-Almaniya arasında əlaqələrin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə komitə sədrinin birinci müavini Valeh Hacıyev, Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev, almaniyalı qonaqlar – Rahim Şmidt, Bernd Ştange, Orhan Aras, Başar Kömür, İbrahim Alev və başqaları, eləcə də komitənin əməkdaşları iştirak edib.
Tədbir iştirakçılarını salamlayan komitə sədrinin birinci müavini ölkələr arasında dostluq münasibətlərini vurğulayaraq, Almaniyada yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onlara hər zaman xüsusi qayğı ilə yanaşıldığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diaspor siyasətindən danışan sədr müavini Azərbaycan dövlətinin də bütün millətlərə hər zaman açıq qapı və dost münasibəti ilə yanaşdığını deyib. Azərbaycan-Almaniya münasibətlərinin inkişafına və bu istiqamətdə göstərilən aktiv fəaliyyətə görə Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədrinə təşəkkür edib, komitənin hər zaman belə görüşlərə hazır olduğunu söyləyib.
Almaniyadakı Azərbaycan diasporunun fəal üzvü Rahim Şmidt bugünkü görüşün əhəmiyyətinə toxunaraq diaspora göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.
Daha sonra Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədri Çingiz Abdullayev tədbirin təşkilinə görə komitə rəhbərliyinə təşəkkür edib, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının xüsusi rolunu dilə gətirib. O, Azərbaycan-Almaniya strateji tərəfdaşlığının qarşılıqlı hörmət və etimada əsaslandığını bildirərək, bu istiqamətdə Almaniyadakı Azərbaycan Evlərinin fəaliyyətini yüksək qiymətləndirib.





