Azərbaycanda banklar filiallarını niyə bağlayır? – AÇIQLAMA

Stock unsplash c4b8a093086b

Azərbaycanda son bir ayda 6 bank filialı və 1 bank şöbəsinin bağlanması bank sektorunda fiziki xidmət şəbəkəsinin daralması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Plat.az-a danışan hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu proses təkcə Azərbaycana xas deyil və dünyada müşahidə olunan tendensiyanın bir hissəsidir.

“Ümumən bank şöbələrinin bağlanması dünyada gedən tendensiyadır. Bu, əsasən elektron bank xidmətlərinin genişlənməsi ilə bağlıdır. Artıq əksər hallarda bank filiallarına əvvəlki qədər ehtiyac qalmır”,-deyə ekspert əlavə edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 31 may 2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın 499 filialı, 84 şöbəsi (mübadilə şöbələri daxil olmaqla) və 3 502 bankomatı fəaliyyət göstərib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank filiallarının sayı 5 vahid artsa da, şöbələrin sayı 3 vahid azalıb. Aylıq müqayisədə isə may ayında 6 bank filialı və 1 bank şöbəsi fəaliyyətini dayandırıb.

Ekspertin sözlərinə görə, əvvəllər yalnız filiallarda həyata keçirilən əksər əməliyyatlar artıq rəqəmsal platformalar vasitəsilə mümkündür.

“Bankların əsas fəaliyyətləri hesabların idarə olunması, əmanətlərin qəbulu, pul köçürmələri, kreditlərin verilməsi və nağd pul əməliyyatlarıdır. Bu xidmətlərin böyük hissəsini artıq internet bankçılığı, mobil tətbiqlər və bankomatlar vasitəsilə həyata keçirmək mümkündür”,-hüquşünas vurğulayıb.

Əkrəm Həsənov hesab edir ki, məhz buna görə banklar geniş filial şəbəkəsini saxlamaqda maraqlı deyillər.

“Bu səbəbdən banklar üçün geniş filial şəbəkəsini saxlamaq iqtisadi cəhətdən sərfəli deyil. Artıq hər küçədə bank filialının fəaliyyət göstərməsinə ehtiyac qalmayıb”- sonda hüquqşünas bildirib.

Qeyd edək ki, filial şəbəkəsinin kiçilməsi məşğulluq göstəricilərinə də təsirsiz ötüşməyib. Mərkəzi Bankın məlumatına əsasən, may ayının sonuna bank sektorunda çalışanların sayı 27 min 374 nəfər təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 15 nəfər azdır.