Azərbaycanda daşınmaz əmlakın icbari sığortası təkmilləşdirilir

Stock pexels 77768f1d0ba6

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin layihələri Nazirlər Kabinetinə təqdim edilib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Bundan başqa, onun sözlərinə görə, aqrar sığorta sistemi üzrə konseptual dəyişikliklər, eləcə də sığorta vasitəçiləri institutunun tənzimlənməsi istiqamətində yeni qanun layihəsi hazırlanıb.

AMB-nin Baş direktoru Vüsal Qurbanov isə qeyd edib ki, daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artırılması nəzərdə tutulur: “Katostrofik risklərlə yanaşı, yanğın, partlayış, ildırım riskləri də daxil olmaqla yeni konsepsiya hazırlanıb. Həmçinin sığorta ödənişlərində operativliyin təmin edilməsi üçün müxtəlif tənzimləmələr planlaşdırılır. Eyni zamanda elektron tənzimləmələr gözlənilir. Yəni, vətəndaşyönümlü bir sıra aspektlər nəzərə alınıb. Evin kvadratmetrinə uyğun olaraq müəyyən məbləğ olacaq. Yəni burada əsas məqsəd nədir? Hadisə baş verdiyi təqdirdə vətəndaşa evinin dəyərinə yaxın sığorta ödənişi verilsin. Amma biz burada sığorta haqqının artımından danışmırıq, bu sığorta məbləğinin artımıdır. Yəni ki, sığortaçının öhdəliyi artır”, – deyə o qeyd edib.