Bakının Səbail rayonunda Neftçi Qurban küçəsi 93 ünvanında yerləşən “Kliniki Tibbi Mərkəz” PHŞ-nin tabeliyində olan Doğum Evinin (5 saylı Doğum evi) binasında konstruktiv bərpa və gücləndirmə işləri aparılacaq.
İşlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinin tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ 1 milyon 981 min 914 manat xərcləməyi planlaşdırır.
Qeyd edək ki, sözügedən Doğum Evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. 2024-cü ilin iyun ayında isə, doğum evində yanğın hadisəsi baş verib.
Məlumat üçün deyək ki, 5 saylı Doğum Evinin binası həm də tarixi abidədir. Sözügedən bina 1930-cu ildə inşa edilib. İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən doğum evi kimi fəaliyyət göstərib. Həmin dövrdə binanın görkəminə bir sıra dəyişikliklər, o cümlədən konstruktiv dəyişiklik olunub.
Xatırladaq ki, bir müddət öncə ölkə mediasında Doğum Evinin ərazisinin xarabalığa çevrilməsi ilə bağlı görüntülər yayılmışdı. (plat.az)





