Çağımızın Ən Böyük Pedaqoji Problemi: Neyropsixoloji Pozuntuların Artması

Fb img 1749372744822 1.jpg

Bu gün təhsildə və pedaqogikada qarşılaşdığımız ən böyük çətinliklərdən biri uşaqlarda neyropsixoloji problemlərin sürətlə artmasıdır. Hiperaktivlik, disleksiya, davranış pozuntuları, diqqət dağınıqlığı, antisosial davranışlar və s. bütün bunlar bütövlükdə neyropsixoloji problemlərdir. Son illərdə bu tip problemlər əvvəlki dövrlərə nisbətən daha geniş yayılıb. Gəlin birlikdə baxaq, nə üçün bu qədər artım müşahidə olunur?

Əvvəlki illərdə də bu cür uşaqlar olub. Lakin onların sayı indiki qədər deyildi. Keçmişdə bu problemlərin başlıca səbəbləri genetik faktorlar, hamiləlik dövründə keçirdilən infeksiyalar, erkən doğuş, doğuş zamanı və ya sonra alınan travmalar, ağır qızdırmalar və infeksiyalar kimi daha çox fiziki, bioloji və kimyəvi risklər idi.

Bu gün isə tibb elmi xeyli inkişaf edib, xəstəxanalar və təcili yardım xidmətləri hər yerdə əlçatandır. Bütün bunlar biologiya və kimya mənşəli risklərin azalmasına səbəb olub. Belə olan halda bu tip problemlərin sayının da azalması gözlənilirdi. Amma reallıq bunun tam əksidir, neyropsixoloji pozuntuların sayı artır. Bəs səbəb nədir?

Problemin yeni kökü: emosional amillər

Müasir dövrdə bu problemlərin əsas səbəbi emosional zəiflikdağılmış mühitdir. Bugünkü analar, əvvəlki nəsil qadınlardan daha az fiziki çətinlik çəksələr də, emosional olaraq çox daha zəifdirlər. Halbuki onların anaları və nənələri daha çətin şəraitdə yaşamış, heç bir sosial və hüquqi dəstək görmədən daha güclü olmuşdular.

Bu gün bir çox ana hamiləlik dövrünü stres, yuxusuzluqdepressiya ilə keçirir. Doğuşdan sonra da psixoloji yük azalmaq əvəzinə artır. Valideynlər arasındakı gərginlik, qarşılıqlı anlaşmazlıqlar, impulziv davranışlar, uşağın emosional diqqətdən kənarda qalması, laqeydlik, sevgisizlik, emosional və bəzən fiziki zorakılıq (həmçinin dayələrdə və baxçlarda ) ekranlara həddindən artıq məruz qalma (telefon, TV, planşet və s.) uşağın sinir sistemibeyin inkişafına ciddi şəkildə mənfi təsir göstərir.

Bu uşaqlarda müşahidə olunan əsas əlamətlər:

  • Diqqətin tez yayılması, tez darıxma
  • Emosional tənzimləmədə çətinlik
  • Davranış impulsivliyi
  • Sosial münasibət qurmaqda çətinlik
  • Oxuma, yazma, yaddaş və nitq problemləri

Ən sadə formada desək, əgər bir uşaq səninlə danışarkən göz-gözə gəlmirsə, bu artıq problemdir.

Sual verək özümüzə:

Uşaqlarımızın sağlam ruhlu və balanslı bir fərd kimi böyüməsi üçün həyat tərzimizi, düşüncə və davranış vərdişlərimizi bir kənara qoymağa dəyməzmi?

Hirsimizi, əsəbimizi, eqomuzu, hətta bəzən qürurumuzu belə bir tərəfə qoymağa dəyər. Biz onsuz da canımızı övladlarımıza qurban verməyə hazırıq. O halda niyə onların sağlam zehni və ruhu üçün mübarizə aparmayaq, fədakarlıq etməyək?

Emosional həssaslıqlar nə zaman canımızdan və balamızdan önəmli oldu? Bu uşaq sənin seçimlərinin nəticəsidir. Sənin səhvinin bədəlini niyə sənin ən əziz və ən günahsız hissən, övladın ödəməlidir? Hirsin, əsəbin, hikkən, prinsiplərin ödəsin də.

Unutmayaq:

  • Hər bir uşaq anasının əsəridir.
  • Hər bir cəmiyyət qadının əsəridir.
  • Bəşəriyyət ananın əsəridir.

Bu dünyada hər şey ötəri və yalandır, gerçək olan yalnız analıq duyğusudur. Analar özlərinə gəlməlidirlər. Çünki layiqli oğulları, sağlam ailələri və güclü cəmiyyətləri yalnız fədakar, emosional baxımdan yetkin və düşüncəli analar yetişdirə bilər.

Bəlkə bu sətirləri oxuyan hansısa ana düşünür: “Bəs atalar? Niyə onlardan bəhs olunmur?” Doğrudur, atalıq da vacibdir. Amma reallıq budur ki, bəzi hallarda atalıq duyğusu, dayılıq qədər belə dərin olmaya bilər. Ana varsa, atalıq duyğusu da var olur. Ana yoxdursa, atalıq duyğusu şəxsin xarakterinə görə dəyişə bilir. Ana bünövrədir.

Cəmiyyəti qorumağın, gələcəyi sağlam qurmağın iki yolu var:

  • Ya keçmişə ailə və dəyər əsaslı tərbiyəyə qayıtmalıyıq, ya da bugünkü anaları maarifləndirməli, gücləndirməliyik.
  • Ana olmağın sadəcə instinkt olmadığını, kimyasını, biologiyasını və fəlsəfəsini öyrətməliyik.

Burada məktəblərin və müəllimlərin rolu əvəzsizdir. Məktəb yalnız tədris yeri yox, uşağın emosional təhlükəsizliyini təmin edən, valideynləri maarifləndirən bir mərkəzə çevrilməlidir. Çünki məktəb yaxın gələcəyin təkcə təhsil deyil, həm də sosial və mənəvi mərkəzi olmalıdır və olacaq.

Tural AbasquliyevPeşəkar təhsil mütəxəssisi

Yayımladı: Kənan Cəlilov | Redaksiya