Dəmir Yumruğun birləşdirdiyi Qalib Azərbaycan xalqı!

Ilham 2 2.jpg

Artıq Azərbaycanımızın dilbər güşələrindən biri olan Zəngilan şəhərinin mənfur düşmən tapdağından azad edilməsindən dörd il ötür. Hər günü bir tarix olan Vətən Müharibəsi zamanı, 20 oktyabr tarixində Zəngilan şəhəri düşməndən azad edilərkən, təkcə zəngilanlılar deyil, bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yox idi. Şübhə yoxdur ki, həmin tarixi günlər xalqımız tərəfindən daim böyük iftixar hissi ilə qeyd ediləcəkdir. Öz yurd-yuvalarından didərgin düşməyə məcbur edilmələrinə baxmayaraq, bu 27 il ərzində doğma torpaqları zəngilanlıların yaddaşından bir anda olsa çıxmamış, əksinə onlarda vətənə, öz doğma el-obalarına olan sevgi hər ötən gün artmışdır. Zaman göstərdi ki, onlar, bütövlükdə xalqımız öz zənnində yanılmayıb. Bu bir zamanlar işğal altında olan yurdlarımız kimi Zəngilan şəhəri və onun bütün yaşayış məntəqələri azaddır. Hələ Vətən Müharibəsi bitdikdən çox az sonra tarixi Zəfərin memarı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəngilanda da böyük quruculuq işlərinə başlandı. İşağldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri bir məqsədə, bir amala xidmət edir – öz yurd-yuvalarından on illərlə didərgin düşmüş həmvətənlərimizin tez bir zamanda öz doğma yurdlarına qayıtması və onların layiqli həyat səviyyəsini təmin etmək. Əminliklə deyə bilərik ki, mənfur düşmən üzərində qazanılan tarixi Zəfər təkcə silah gücü ilə deyil, xalqımızın “Dəmir Yumruq” halında bir olub, öz Liderinin ətrafında birləşməsi sayəsində mümkün oldu. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı hesabına şücaətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həmin günləri geridə qoydu və torpaqlarımız işğaldan azad edilərək, sərhədlərimizin tamlığı təmin edildi. Artıq qədirbilən, Qalib xalqımız bir zamanlar ağrı və acı ilə qeyd etdiyi tarixləri deyil, rayonlarımızın, şəhərlərimizin işğaldan azad edildiyi günləri qürurla qeyd edir. Belə tarixi anlardan, günlərdən biri də Zəngilan şəhərinin azad edildiyi gün, yəni 20 oktyabr tarixinə təsadüf edir. Bəli, bu gün Zəngilan Şəhər Günü kimi qeyd edilir və əbədi olaraq qeyd ediləcəkdir. Tarixi hadisələrin canlı şahidi olmaq hər bir azərbaycanlı üçün böyük qürur və iftixardır.

Vüsalə Məmmədli;
Neftçala rayonu, müəllim