“Diferensial Tədris: Şagirdlərə Uyğunlaşan Sinif” qrant layihəsinin bağlanış mərasimi keçirilib

76534d2e 0d3f 439a be2c 783ed72fafc1 6a4cb3c66b909

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Diferensial Tədris: Şagirdlərə Uyğunlaşan Sinif” qrant layihəsinin bağlanış mərasimi uğurla baş tutub.

Layihənin əsas məqsədi məktəbdə fərdiləşdirilmiş tədris yanaşmalarının tətbiqini genişləndirmək, müəllimlərin peşəkar inkişafını dəstəkləmək və tədrisin keyfiyyətini yüksəltmək olub.

Layihə çərçivəsində 166 saylı məktəb-liseyin 3 nəfər pedaqoji heyət üzvü Harvard Universitetinin “Differentiated Instruction Made Practical” kursunu uğurla tamamlayaraq diferensial tədris üzrə müasir metod və strategiyaları mənimsəyiblər. Daha sonra əldə etdikləri bilik və təcrübəni mentor dəstəyi ilə inkişaf etdirərək bir ay ərzində keçirilən 12 təlim sessiyası vasitəsilə digər müəllimlərlə bölüşüblər.

Bağlanış mərasimində məktəbin direktoru Vəliyeva Zeynəb, direktor müavinləri Xəlilova Xanım, Salahova Təhminə və Quliyeva Könül, eləcə də layihə rəhbəri İsmayılova Ayşən Eyyub qızı çıxış edərək layihə çərçivəsində əldə olunan nəticələri yüksək qiymətləndiriblər. Bildirilib ki, layihə müəllimlərin peşəkar kompetensiyalarının inkişafına, fərdiləşdirilmiş tədris mühitinin formalaşmasına və şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun təlim strategiyalarının tətbiqinə mühüm töhfə verib.

Tədbirin sonunda layihədə fəal iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub, onların gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, layihə İsmayılova Ayşən Eyyub qızı tərəfindən 166 saylı məktəb-liseydə uğurla icra olunub.