Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gələcəyin dilini öyrən: Çin dilinin inkişafı” qrant layihəsinin bağlanış mərasimi 11 iyun tarixində keçirilib.
Layihənin əsas məqsədi 8–11-ci sinif şagirdlərinə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxu və yazı bacarıqlarını aşılamaq, onların xarici dil biliklərini inkişaf etdirmək və beynəlxalq ünsiyyət imkanlarını genişləndirmək olub.
Beş ay davam edən layihə müddətində seçilmiş 12 şagird həftədə iki dəfə keçirilən dərslərdə iştirak edərək ümumilikdə 36 saat Çin dili təlimi keçib. Təlimlər ərzində iştirakçılar Çin dilinin əsas kommunikativ bacarıqlarını mənimsəyib, praktiki çalışmalar vasitəsilə biliklərini daha da möhkəmləndiriblər.
Bağlanış mərasimində layihə çərçivəsində əldə olunan nəticələr təqdim olunub, şagirdlərin nümayiş etdirdiyi inkişaf yüksək qiymətləndirilib. Tədbirdə iştirakçılar təəssüratlarını bölüşüb, layihənin onların şəxsi və akademik inkişafına verdiyi töhfədən bəhs ediblər.
Sonda layihəni uğurla başa vuran bütün şagirdlər sertifikatlarla təltif olunub, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulanıb.
Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, iştirakçı şagirdlərə yeni uğurlar arzulayırıq.










