İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma fevralın 17-si saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata görə, maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.
Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.





