Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişaf dinamikası və ticarət dövriyyəsinin genişlənmə meyilləri xüsusilə diqqətəlayiqdir. Hazırda Azərbaycanda sənaye, tikinti, xidmət, logistika və yüksək texnologiyalar daxil olmaqla müxtəlif sahələrdə 200-dən çox Almaniya şirkəti fəal və uğurla fəaliyyət göstərir. Bu şirkətlərin Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində və qeyri-neft sektorunun inkişafındakı iştirakı yüksək qiymətləndirilir. Ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdən, biznes forumlardan və irəli sürülmüş konkret iqtisadi təkliflərdən sonra alman şirkətlərinin ölkəmizdəki fəaliyyət coğrafiyasının və sayının daha da artacağı gözlənilir. Qarşılıqlı sərmayə qoyuluşu imkanlarının hərtərəfli müzakirəsi alman biznes dairələrinin Azərbaycan bazarına, eləcə də ölkəmizin təşəbbüskarı olduğu regional iqtisadi layihələrə marağının artdığını bir daha göstərir.
Enerji sektoru iki ölkə arasındakı strateji tərəfdaşlığın mərkəzi sütunlarından birini təşkil edir. Azərbaycanın bu ildən etibarən öz təbii qazını Almaniyaya ixrac etməyə başlaması Avropanın enerji xəritəsində və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən hadisədir. Bununla da Azərbaycan təbii qazının birbaşa çatdırıldığı Avropa İttifaqı üzvü olan ölkələrin sayısı 10-a çatmışdır ki, bu da ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı imicini daha da möhkəmləndirir. Ənənəvi neft və qaz ixracı ilə yanaşı, Azərbaycanın bərpaolunan və yaşıl enerjini, xüsusilə “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa məkanına nəql etmək yönündəki qətiyyətli əzmi gələcəkdə enerji əməkdaşlığının miqyasını keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.
Məhəmməd Abuşov
Neftçala rayonu





