“Kimyanın rəqəmsal və interaktiv tədrisi” qrant layihəsinin bağlanış mərasimi keçirilib

3384305b bc0f 4feb 8b7a 9a3be9bc5cb3 6a312725df0d5

15 may 2026-cı il tarixində “Kimyanın rəqəmsal və interaktiv tədrisi” qrant layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin əsas məqsədi 7–10-cu siniflərdən seçilmiş 40 şagirdin PhET platformasının interaktiv simulyasiyalarından istifadə etməklə kimya fənni üzrə biliklərini daha dərindən mənimsəməsini təmin etmək, onların praktik bacarıqlarını və tənqidi düşünmə vərdişlərini inkişaf etdirmək olub. Layihə müddətində şagirdlər müasir rəqəmsal təlim vasitələrindən istifadə edərək kimya fənninin müxtəlif mövzularını interaktiv şəkildə öyrəniblər.

Layihə çərçivəsində 259 nömrəli tam orta məktəbin 7–10-cu siniflərindən seçilmiş 40 şagird 4 qrup şəklində təşkil olunaraq 10 həftə ərzində təlimlərdə iştirak edib. Kimya fənninin milli kurikulumu əsasında müəyyən edilmiş mövzular üzrə keçirilən məşğələlərdə PhET interaktiv simulyasiyaları tətbiq olunub, şagirdlərin nəzəri biliklərinin praktik fəaliyyətlərlə möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Bağlanış mərasimində layihə müddətində əldə olunan nəticələr təqdim edilib, şagirdlərin bilik və bacarıqlarında müşahidə olunan inkişaf göstəriciləri barədə məlumat verilib. Çıxış edənlər layihənin şagirdlərin elmə marağının artırılmasına, tədqiqatçılıq bacarıqlarının formalaşmasına və rəqəmsal təhsil imkanlarından səmərəli istifadəsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Tədbirin sonunda layihədə fəal iştirakına və yüksək nəticələrinə görə fərqlənən şagirdlər layihə rəhbəri Samir Ağalarov və layihənin təlimçisi Sevinc Cəfərova tərəfindən sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, “Kimyanın rəqəmsal və interaktiv tədrisi” qrant layihəsi Samir Ağalarov tərəfindən 259 nömrəli tam orta məktəbdə uğurla icra olunub.