11 nömrəli məktəbdə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilən “Məktəbdə Badminton Hərəkatı” layihəsinin bağlanış tədbiri təşkil olundu.
Tədbirdə layihənin resipiyenti Nurəddin Babayev, məktəbin direktoru Yusif Haxverdiyev, təlimçi Nuray Mehrəliyev, ekspert Yengibar Nurəli, müəllimlər, badminton hakimləri və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ilk çıxış edən məktəbin direktoru Yusif Haxverdiyev layihənin əhəmiyyətindən danışaraq bildirdi ki, bu cür layihələr şagirdlərin sağlam həyat tərzinin formalaşmasında, idmana marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Daha sonra layihənin resipiyenti Nurəddin Babayev, təlimçi Nuray Mehrəliyev və ekspert Yengibar Nurəli çıxış edərək layihə çərçivəsində görülən işlərdən, şagirdlərin qazandığı bacarıqlardan və badminton idman növünün faydalarından bəhs etdilər. Həmçinin yarışların daha peşəkar şəkildə idarə olunması məqsədilə badminton hakimlərinin də tədbirə dəvət olunduğu vurğulandı.
Layihə müddətində ümumilikdə 40 şagird iştirak etmiş, yarışlarda həm təklər, həm də cütlüklər üzrə maraqlı və rəqabətli oyunlar nümayiş etdirilmişdir. Şagirdlər öz bacarıqları, çevikliyi və idman ruhu ilə seçilmişlər.
Sonda iştirakçılar sertifikat və kuboklarla təltif olunmuş, layihənin gələcəkdə daha geniş şəkildə davam etdirilməsinin vacibliyi qeyd edilmişdir. Tədbir yüksək əhval-ruhiyyə və böyük maraqla başa çatmışdır.












