Narkoloji testi pozitiv çıxan hərbi çağırışçını nə gözləyir?- RƏSMİ AÇIQLAMA

9pk8yhpvzrun9wi1lepuxf4vlthk54zfmqrw42qk 6a5a2d8064931

Narkoloji müayinəsi pozitiv çıxan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarla bağlı yekun qərar əlavə müayinənin nəticələrinə əsasən verilir.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Plat.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, çağırışçılar narkomanlığın erkən müəyyənləşdirilməsi və profilaktikası məqsədilə icbari narkoloji müayinədən keçirilirlər.

“Bu prosedur “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.1-1-ci maddəsinə əsasən həyata keçirilir. Çağırışçılar qeydiyyatda olduqları tibb müəssisələrində müayinədən keçirlər. Narkoloji müayinənin nəticəsi pozitiv olan şəxslər əlavə və daha ətraflı müayinə üçün Respublika Narkoloji Mərkəzinə göndərilirlər”,-deyə qurumun sözçüsü əlavə edib.

Qeyd olunub ki, əlavə müayinədən sonra vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı müvafiq akt tərtib olunur. Həmin sənəd əsasında çağırışçının hərbi xidmətə yararlılığı barədə qərarı onun qeydiyyatda olduğu rayon və ya şəhər hərbi həkim komissiyası verir.

Qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə uyğun qəbul olunur.


Beləliklə, ilkin narkoloji testin pozitiv nəticələnməsi ilə bağlı yekun qərar dərhal verilmir. Çağırışçı əlavə müayinəyə göndərilir və onun hərbi xidmətə yararlılığı tibbi rəy əsasında müəyyən edilir.