Yeni Klinikada Ombudsman, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində Psixi Sağlamlıq Forumu keçirilib.
Forumun təşkilində məqsəd psixoloqların elektron qeydiyyatının təşkil olunmasıdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə psixoloji sağlamlıq sahəsinin təcrübədə problemlərlə müşayiət olunan və dəstək tələb edən məsələ olduğunu bildirib: “Uzun illər bu xidmət sahəsində çalışan şəxslərin qeydiyyatının aparılması, qanunvericilik əsasında bu mövzunun müzakirəsi məsələsi nəinki bizi, bu sahədə çalışan şəxsləri, bu xidmətə ehtiyacı olan şəxsləri maraqlandırır. Bu sahədə təcrübədə çətinliklər qalır, kifayət qədər insan keyfiyyətli psixososial xidmətlərə ehtiyac duyur. Təcrübəli psixoloqların dəstəyinə ehtiyacımız var. Bu gün müzakirə etdiyimiz məsələlər qeyd olunan çətinliklərin aradan qaldırılmasına töhfə verəcək”.
İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova çıxış edərək forumun məqsədini açıq elan etdi. Forumun məqsədi Psixoloji yardım sahəsində çalışan mütəxəssislər üçün elektron bazanın formalaşdırılması və bu sahədə şəffaflığın təmin olunmasında vacib olan məqamlara diqqət etməli olunmasına diqqət çəkdi. Bildirdi ki, bu sahədə fəaliyyət göstərən hər bir mütəxəsis üçün elektron kabinet açılacaq və bu siyahıya TƏBİB tərəfindən nəzarət olunacaqdır. Çıxışda qeyd olundu ki, İDDO Psixi Sağlamlıq Proqramı E- TƏBİB elektron bazaya inteqrasiya olunması üçün işlər aparılır.
TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva bildirib ki, proqram çərçivəsində həkimlərin təlimlərə cəlb olunması nəzərdə tutulub: “Hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin, eləcə də uşaqların psixi sağlamlığının təşkilinə diqqətlə yanaşırıq. 100-dən çox tibb müəssisəsində psixoloqlar fəaliyyət göstərir Qısa müddətdə qəbul imtahanlarından öncə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək məktəblərdə abituriyentlərə psixoloji yardıma başlayacağıq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova Formda çıxış edərək mərkəzlərdə Autizmli uşaqlarla işləyən mütəxəssislərin multidisiplinar komanda formasında çalışmasına diqqət çəkərək bildirmişdir. Autizm Ümumidünya Səhiyyə Təşkilatının yaratdığı protokolda kodu olduğu üçün o xəstəlikdir və onun müalicəsində multidistiplinar komandanın işləməsi mütləqdir. Əks təqdirdə heç bir nəticə əldə edilə bilməz. Belə komandaların formalaşması və inkişafı üçün İDDO Psixi Sağlamlıq Proqramının tətbiqi müsbət hal kimi dəyərləndirilməlidir.
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktorun müavini – baş direktor v.m.i.e. – Kəmalə Məmmədzadə Forumda çıxış edərək psixologiya sahəsində göstərilən xidmətlər cəmiyyətdə bir mənalı qarşılanmadığı üçün, dövlət standartların hazırlanmasına zərurət yaranmışdır. Bu halların tənzimlənməsi üçün 17.02.2025 tarixində Texniki Komitə yaradılmışdır. TƏBİB, İPA Akademiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 2 saylı psixatriya xəstəxanası, Puzzle Group Psixo Sosial Reabilitasiya mərkəzi, İDDO Psixi sağlamlıq Proqramının, Ekperimental Psixoloji Labaratoriya, Texniki Komitə üzvləridir. Texniki Komitəyə rəhbərliyi İDDO Psixi sağlamlıq Proqramının rəhbərliyi həyata keçirəcəkdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Millət Vəkili Musa Quliyev Forumda çıxış edərək psixoloji yardım haqqında qanunların təsdiq olunmasında gecikmişik. Əslində psixoloji yardım cəmiyyət üçün çox vacib məqamdır. Məhz bunun üçün də bu cür işlərin görülməsi və ümumi bazanın formalaşdırılması vacibdir. Məhz bu sahənin tənzimlənməsi üçün bizdə əlimizdən gələni etməyə hazırıq. Çünki, bu işlərin tənzimlənməsi bizim dövlət və cəmiyyət üçün çox vacibdir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Millət Vəkili İlham Məmmədov Forumda çıxış edərək ümumi cəmiyyətin bu cür sistemli yanaşmaya ehtiyacının olduğunu bildirərək İDDO komandasının işinin alqışa layiq olduğunu bildirmişdir. Bölgələr üzrə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğuladı, öz təkliflərini irəli sürdü.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli bildirib ki, psixoloqların elektron bazasının formalaşması sistemi bu günə qədər bu sahədə fəaliyyət göstərən bütün insanlara töhfə verəcək. Eyni zamanda, peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq: “Psixoloqlar elektron kabinetdən keçərək fəaliyyət göstərə biləcəklər. Psixoloqların yanlış məlumat yayması, qeyri-ixtisas şəxslərin cəmiyyətə özlərini psixoloq kimi təqdim etməsi kimi problemimiz var. Bu gün vətəndaş peşəkar psixoloqu axtardığı zaman tapa bilmir. Elektron baza yaratdıq ki, buna da dövlət orqanlar nəzarət edəcək”.
Forumda psixi sağlamlıq sahəsi üzrə əhəmiyyətli müzakirələr aparılıb və bu sahədəki yeniliklər haqqında məlumat verilib.
Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı psixiatriya xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və həkim heyəti, psixologiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
















