Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Şagirdlər rəqəmsal riyaziyyat dünyasında” qrant layihəsi yekunlaşıb.
Layihə çərçivəsində 3-cü sinifdə təhsil alan 20 şagird üçün həftədə 2 dəfə 1.5 saat olmaqla, ümumilikdə 48 saatlıq interaktiv riyaziyyat dərsləri keçirilib. Dərslər Khan Academy platforması üzərindən təşkil edilib. Təlimlərin şagirdlərin bilik səviyyəsinə uyğun olması üçün dərslərə başlamamışdan öncə diaqnostik qiymətləndirmə keçirilmiş, nəticələrə uyğun olaraq dərs proqramı qurulmuşdur. Təlimlər yekunlaşdıqdan sonra isə yekun diaqnostik qiymətləndirmə keçirilmişdir.
Qeyd edək ki, layihənin məqsədi şagirdlərin riyaziyyat fənni üzrə məntiqi düşünmə, tətbiqi bilik və problem həll etmə bacarıqlarını artırmaq, Khan Academy materiallarının 6 aylıq tədris prosesinə sistemli şəkildə inteqrasiyası yolu ilə onların öyrənmə nəticələrinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
Layihə Bakı şəhəri Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseyin müəllimi, eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Şükürova tərəfindən icra olunub.













