“2022-ci ilin ikinci yarısında xarici iqtisadi fəaliyyət iştirakçılarına bildirişlərin göndərilməsi, onların müvəkkil bank hesablarına Komitə tərəfindən sərəncamların qoyulması, həyata keçirilmiş bir sıra nəzarət tədbirləri nəticəsində 30 dekabr 2022-ci il tarixə gömrük borcları 88 milyon manat azalaraq 38 milyon 486 min manat olub”.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
Bağırov qeyd edib ki, 2022-ci ildə büdcə öhdəliyinə nəzərdə tutulan proqnozdan artıq əməl olunub. İlk dəfə dövlət büdcəsinə faktiki olaraq 5 milyard 654 milyon manat vəsait köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard 49 milyon manat artıq deməkdir.
2021-ci illə müqayisədə 2022-ci ildə xarici ticarət dövriyyəsi 52,6 milyard ABŞ dolları olmaqla 55%, o cümlədən ixrac 38,1 milyard ABŞ dolları olmaqla 71,5%, idxal 14,5 milyard olmaqla 24,2% artıb. Ötən il ölkəmizin qeyri-neft məhsullarının ixracı 2,9 milyard ABŞ dolları olmaqla, 2021-ci illə müqayisədə 10,3% artıb.
Ötən il idxalın əlavə dəyər vergisinə cəlb edilən bazası 80,77%, azadolmaların xüsusi çəkisi 19,23%, gömrük rüsumuna cəlb edilən baza 43,28%, gömrük rüsumu üzrə azadolmaların xüsusi çəkisi 56,72% təşkil edib.





