“SOCAR Upstream”: Yeni texnologiyaların tətbiqi üçün ilk növbədə data mərkəzlərin yaradılması lazımdır

Socar1 6a1e9a9b02256

Yeni texnologiyalar və süni intellektdən istifadə müasir zamanın çağırışıdır və buna hazır olmaq lazımdır. Yeni texnologiyaların geniş sahələrdə tətbiqi üçün ilk növbədə data mərkəzlərin yaradılması lazımdır.

Bu sözləri 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan “Neft və qaz yataqlarının inkişafı üçün yeni layihələr: Müasir texnologiyaların tətbiqi təcrübəsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı “SOCAR Upstream Management International LLC” şirkətinin icraçı direktorunun müşaviri Ayaz Əmirov deyib.

Onun sözlərinə görə, başlıca şərtlərdən biri yeni kadrların hazırlanmasıdır.

“Onlara təlim keçmək və xaricdən mütəxəssislər dəvət edib təlim kurslarını genişləndirmək lazımdır. Biz hazırda yeni texnologiyalardan istifadə edirik və gələcəkdə daha əhatəli formada tətbiq etməyi düşünürük. SOCAR-ın da daxil olduğu Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlər müxtəlif texnoloji şirkətlərlə əməkdaşlıq edib fəaliyyətlərini təkmilləşdirirlər. Əhəmiyyətli məsələ ondan ibarətdir ki, bu şirkətlər əldə etdikləri təcrübəni digərləri ilə bölüşsünlər və yeni texnologiyaya keçid daha da sürətlənsin. bp və SOCAR STEM texnologiyasını tətbiq edərək quyulardakı əməliyyatları icra etdilər və çox uğurlu nəticələr əldə olundu. Bu gün biz şirkətin idarə və müəssisələrinin yeni texnologiyalara keçidini və süni intellekdən istifadə etmələrini təşviq edirik”, – deyə Ayaz Əmirov vurğulayıb.

Azərtac