“Xarizmatik Natiq Ol!” layihəsinin açılış tədbiri keçirildi

C24e1a36 7b81 41e4 8b38 686d69e1e3cb 69d3894b0d104

22 dekabr 2025-ci il tarixində məktəbimizdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi olan “Xarizmatik Natiq Ol!” layihəsinin açılış tədbiri keçirildi. Tədbir məktəbin direktoru Ruslan Nağıyev tərəfindən açıq elan edildi.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Layihənin əsas məqsədi 9–11-ci siniflərdə təhsil alan 30 nəfər şagird üçün “Xarizmatik Natiq” təlimlərinin təşkili vasitəsilə onların natiqlik, düzgün nitq, ünsiyyət və özünüifadə bacarıqlarının inkişaf etdirilməsidir. Layihə çərçivəsində şagirdlərin ictimai çıxış vərdişlərinin formalaşdırılması, özünəinam səviyyəsinin artırılması və liderlik keyfiyyətlərinin gücləndirilməsi hədəflənir.

Tədbirdə məktəbin direktoru Ruslan Nağıyev, “Hayat Boyu Academy” MMC-nin təsisçisi Aysel Məmmədova, “KarnegiKlub” Təlim Mərkəzinin beynəlxalq sertifikatlı təlimçisi Məlahət Budaqova, məktəbin rəhbər heyəti, Azərbaycan dili və ədəbiyyat müəllimləri, eləcə də şagird kollektivi iştirak etdilər.

Çıxışlar zamanı layihənin məqsədləri, əsas istiqamətləri, icra mexanizmləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verildi. Qonaqlar tərəfindən şagirdlərə motivasiyaedici tövsiyələr səsləndirildi, natiqlik bacarığının şəxsi inkişafda, akademik uğurlarda və gələcək peşə fəaliyyətində oynadığı mühüm rol xüsusi vurğulandı.

Tədbirin sonunda layihənin məktəb mühitində sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına, şagirdlərin fikirlərini sərbəst, əsaslandırılmış və inamla ifadə etmələrinə mühüm töhfə verəcəyi qeyd olundu.

İnanırıq ki, “Xarizmatik Natiq Ol!” layihəsi gənclərimizin intellektual və şəxsi inkişafına xidmət edərək onların gələcək uğurlarında əhəmiyyətli rol oynayacaq.