Məktəbimizdə “Xarizmatik Natiq Ol” layihəsinin bağlanış tədbiri təşkil olundu. Tədbirdə layihənin resipiyenti-məktəbin direktoru Ruslan Nağıyev, təlimçi Məlahət Budaqova, ekspert Aysel Məmmədova, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə ilk çıxış edən məktəbin direktoru Ruslan Nağıyev layihənin əhəmiyyətindən danışaraq bildirdi ki, bu cür təşəbbüslər şagirdlərin nitq mədəniyyətinin, özünüifadə bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafında mühüm rol oynayır.
Daha sonra tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Turan Məcidova, təlimçi Məlahət Budaqova, ekspert Aysel Məmmədova və Azərbaycan dili və ədəbiyyat müəllimi Ələsgərova Ülviyyə çıxış edərək layihə çərçivəsində görülən işlərdən, əldə olunan nəticələrdən və şagirdlərin göstərdiyi fəallıqdan bəhs etdilər.
Layihə müddətində iştirak edən 30 şagirddən 10 nəfəri final mərhələsinə vəsiqə qazanmış və bağlanış tədbirində öz natiqlik bacarıqlarını nümayiş etdirmişdir. Münsiflər heyəti tərəfindən çıxışlar qiymətləndirilmiş, qaliblər müəyyən olunaraq I, II və III yerlərə layiq görülən şagirdlərə diplom, digər iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Tədbir iştirakçıların böyük marağı və yüksək əhval-ruhiyyəsi ilə başa çatmış, layihənin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanmışdır.















