Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yeni imkanlar, yeni perspektivlər” qrant layihəsinin bağlanış mərasimi uğurla baş tutub.
Layihənin əsas məqsədi şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxu və yazı bacarıqlarını aşılamaq, onların beynəlxalq ünsiyyət bacarıqlarını inkişaf etdirmək, müasir texnologiyalar və qlobal əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasına dəstək göstərmək olub.
Layihə çərçivəsində 317 nömrəli tam orta məktəbin 8–11-ci sinif şagirdləri Çin dili üzrə təlimlərdə iştirak edərək əsas dil bacarıqlarına yiyələniblər. Təlimlər müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlar və interaktiv fəaliyyətlər vasitəsilə öz bacarıqlarını inkişaf etdiriblər.
Bağlanış mərasimində məktəbin direktoru Leyla Əliyeva, xarici dil müəllimi Təranə Murtuzayeva və layihə rəhbəri Leyla Əliyeva çıxış edərək layihənin uğurla həyata keçirildiyini, əldə olunan nəticələri və şagirdlərin qazandıqları bilik və bacarıqları yüksək qiymətləndiriblər.
Tədbirin sonunda layihəni uğurla başa vuran şagirdlər sertifikatlarla təltif olunub, onlara gələcək təhsil və şəxsi inkişaf yollarında uğurlar arzulanıb.
Qeyd edək ki, layihə 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən uğurla icra olunub.













