“Suverenlik və milli güc amili” – Elçin Mirzəbəyli yazır

Elcin 6aae6afd6594b

Azərbaycanın Dövlət Suverenliyi Günü Müstəqillik, Dövlət Bayrağı və Zəfər günləri ilə yanaşı dayanan ən önəmli tarixi günlərimizdən biridir. Bunun əsas səbəbi suverenliyin dövlətin mövcudluğunun, müstəqilliyinin və bölünməzliyinin fundamental elementi olmasıdır. Əslində, müstəqil dövlət anlayışının siyasi və hüquqi məzmununu müəyyən edən başlıca kateqoriyalardan biri də məhz suverenlikdir. Dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü, beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmək imkanına malik olması onun suverenliyinin başlıca göstəriciləridir.

Bu fikirlər Milli Məclisin deputatı Elçin Mirzəbəylinin “Suverenlik və milli güc amili” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyinin iqtisadi, siyasi və hüquqi əsasları bir-birindən ayrı təsəvvür edilə bilməz. Suverenliyin iqtisadi əsaslarını dövlətin ərazisi, təbii və mədəni sərvətləri, iqtisadi potensialı təşkil edir. Siyasi əsasını sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri formalaşdırır. Hüquqi əsasda isə Konstitusiya və digər hüquqi-normativ aktlarla yanaşı, dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suveren hüquqlara müdaxilənin yolverilməzliyi kimi beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır.

Azərbaycanın suverenlik salnaməsi də bu həqiqətin tarixi təsdiqidir. Bu salnamənin təməlində dərin dövlətçilik ənənələri dayanır. Azərbaycan xalqının tarixində müxtəlif siyasi qurumların və dövlətlərin meydana gəlməsi yalnız müəyyən ərazilərdə hakimiyyətin təşkili ilə məhdudlaşmayıb. Bu dövlətçilik ənənələri ictimai münasibətlərin tənzimlənməsi, mədəniyyətin inkişafı, ordu quruculuğu, mərkəzləşdirilmiş idarəçilik və siyasi legitimlik kimi mühüm elementləri də özündə ehtiva edib. Tarixi təcrübə müasir Azərbaycan dövlətçiliyinin siyasi yaddaşında mühüm yer tutur. Hərbi güc suverenliyin müdafiəsi üçün mühüm vasitədir, lakin onun arxasında siyasi sabitlik, iqtisadi potensial, institusional idarəçilik və milli həmrəylik dayanmalıdır. Dövlətin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin ardıcıl həyata keçirilməsi suverenliyin hüquqi, iqtisadi və siyasi dayaqlarının möhkəmləndirilməsinə xidmət edən vahid strategiyanın komponentləri kimi çıxış edib. Bu prosesin ən mühüm sınağı isə, şübhəsiz, Ermənistanın Azərbaycana qarşı təcavüzü və otuz ildən artıq davam edən işğal amilidir. İşğal, məlum olduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində dövlət suverenliyinin faktiki həyata keçirilməsinə maneə törədirdi. Azərbaycan ərazilərinin hüquqi statusu dəyişməsə də, həmin ərazilərdə dövlət hakimiyyətinin faktiki olaraq həyata keçirilməsi mümkün deyildi. Beləliklə, hüquqi suverenliklə faktiki suverenlik arasında ciddi ziddiyyət yaranmışdı. Bu ziddiyyətin aradan qaldırılması isə, yalnız Azərbaycanın milli məsələsi deyildi. Ərazi bütövlüyü və dövlətlərin suveren bərabərliyi beynəlxalq hüquq sisteminin fundamental prinsiplərindəndir. Buna görə də Azərbaycan ərazilərinin işğaldan azad edilməsi yalnız milli ərazi məsələsinin həlli kimi deyil, beynəlxalq hüququn norma və prinsiplərinin praktiki reallaşdırılması kimi də qiymətləndirilməlidir.

Otuz ilə yaxın davam edən danışıqlar prosesinin nəticə verməməsi Azərbaycanı öz milli güc imkanlarını artırmağa və siyasi-diplomatik strategiyasını yeni reallıqlara uyğun qurmağa vadar etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfər bu baxımdan Azərbaycan dövlətçiliyinin inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. 44 günlük müharibənin nəticəsi yalnız işğal olunmuş ərazilərin böyük hissəsinin azad edilməsi ilə ölçülə bilməz. Bu Zəfər Azərbaycanın dövlətçilik tarixində milli iradənin, siyasi liderliyin və milli gücün bir-birini tamamladığı tarixi məqam oldu. Lakin 2020-ci il Zəfəri suverenliyin tam bərpası prosesinin son mərhələsi deyildi. Qarabağın bir hissəsində separatçı strukturun mövcudluğu və Azərbaycan dövlətinin konstitusion hakimiyyətinin həmin ərazidə tam şəkildə həyata keçirilməməsi suverenlik probleminin hələ tam həll edilmədiyini göstərirdi. 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri məhz bu prosesin kulminasiya nöqtəsinə çevrildi. Qısa müddət ərzində separatçı silahlı qüvvələrin tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası ilə ölkənin bütün ərazisində dövlət hakimiyyətinin aliliyi təmin edildi. Beləliklə, Azərbaycan üçün 2020-ci il ərazi bütövlüyünün bərpasının, 2023-cü il isə dövlət suverenliyinin tam təmin edilməsinin tarixi mərhələsi kimi xarakterizə oluna bilər. Bu tarix Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərini – tarixi dövlətçilik ənənələrini, Xalq Cümhuriyyətini, dövlət müstəqilliyinin bərpasını, 1993-cü ildən etibarən dövlət institutlarının möhkəmləndirilməsini, 2020-ci ildə ərazi bütövlüyünün bərpası və 2023-cü ildə suverenliyin tam təmin olunmasını vahid siyasi xətt üzərində birləşdirir. Bir sözlə, dövlətin ərazi üzərində suverenliyi yalnız hərbi nəzarətlə deyil, həmin ərazidə hüquqi, iqtisadi və sosial institutların davamlı fəaliyyəti ilə möhkəmlənir.