AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

577432086 1146277637676873 4612652138694053580 n

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha bir ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib.

Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub.

Tədbirdə iştirak edən 150 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.