Bakı ilə Daşkənd arasında münasibətlər tarixi əsrlərə söykənir

614d37f8165583024766476319410961463.jpg

Bu gün Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır. Tarixin dərinliklərinə nəzər salsaq görərik ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr, yüksək səviyyəli münasibətlər yaxın 5-10, hətta 20 ilə təsadüf etmir. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə söykənir. Səlcuqlar, Xarəzmşah, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.

Bakı ilə Daşkənd arasında əlaqələrin inkişaf etdirilməsində keçmiş SSRİ-nin də payı az olmayıb. Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı Azərbaycan və özbək xalqları məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. Hadisələrin əsas səbəbkarı və təşkilatçısı kimi müxtəlif mənbələr tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi göstərilib. 20 Yanvar və Sumqayıt hadisələrində eyni dəst-xəti görmək mümkündür. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksütyun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. “Улуғ Туркистон” qəzetində: bu hadisələrdən bəhs olunarkən “Ermənilər xüsusilə fərqlənirdi…” – deyə qeyd olunub. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindəın sonra daha da inkişaf etməyə başladı. Hətta haqlı olaraq bir çoxları bu dövrü Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələ kimi qələmə verir. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra hər bir ölkə kimi Özbəkistanla da əlaqələrdə, qarşılıq, münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı. Bu, bir tərəfdən Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik insanın Azərbaycana rəhbərlik etməsi ilə bağlı idisə, digər tərəfdən Ümummilli Liderin hələ sovetlərin zamanından Özbəkistan rəhbərliyi ilə qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə əlaqədar idi. Bir sözlə, hər iki ölkənin siyasi rəhbərliyi – Özbəkistanın o vaxtkı Prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı Heydər Əliyev SSRİ zamanından qalan dostluq, qardaşlıq münasibətlərini, ölkələr arasındakı əlaqələri müstəqillik illərində yeni bir mərhələyə daşımağı qarşıya məqsəd qoymuşdular. Bununla da həm Bakıda, həm də Daşkənddə buna olan maraq prosesin sürətlənməsinə vəsilə olurdu. Elə qarşılıqlı maraq və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından ortaya qoyulan siyasi iradənin nəticəsi idi ki, 1995-ci ildən etibarən Bakı ilə Daşkənd arasında diplomatik əlaqələr quruldu. Həmin ilin oktyabr ayının 2-də qurulan Azərbaycan-Özbəkistan diplomatik əlaqələri bir neçə ay sonra, daha dəqiq desək, 1996-cı ilin ortalarında Daşkənddə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirliyinin açılması ilə sonuclandı. 1998-ci ilin may ayında isə Bakıda Özbəkistan Respublikasının səfirliyi fəaliyyətə başladı.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri də mühüm əhəmiyyət kəsb edir və həyata keçirilən qarşılıqlı səfərlər Bakı ilə Daşkənd arasında əməkdaşlığı daha da inkişaf etdirirdi. Bu mənada Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun müstəqillik illərindən sonra ilk dəfə Azərbaycana səfər etməsi mühüm tarixi əhəmiyyət daşıyırdı. Mərhum İslam Kərimovun 1996-cı il may ayının 26-27-də Azərbaycana baş tutan ilk rəsmi səfəri qarşılıqlı anlaşma və dostluq şəraitində keçməklə yanaşı, Bakı ilə Daşkənd arasında bir sıra sənədlərin imzalanması ilə yadda qaldı. Həmin səfər zamanı Azərbaycanla Özbəkistan arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən “Azərbaycan və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalandı ki, bu da müstəqillik illərində iki ölkə arasında yüksək səviyyədə əlaqələrin qurulması və inkişaf etdirilməsini özündə ehtiva edirdi. Həmçinin həm İslam Kərimovun səfəri, həm də Bakıda imzalanmış sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsində siyasi iradənin ortada olduğunu göstərirdi. Elə həmin ilin oktyabr ayında ümummilli lider Heydər Əliyevin Özbəkistana səfəri də məhz yuxarıda qeyd etdiyimizi təsdiqləyirdi. Düzdür, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daşkəndə səfəri həmin vaxt işgüzar xarakter daşıyırdı və səfərdə məqsəd Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək idi. Ancaq Ümummilli Lider Daşkənddə olarkən özbəkistanlı həmkarı ilə də görüşüb ikitərəfli münasibətlərin inkişaf dinamikasını müzakirə etmişdi. Artıq həm Bakı, həm də Daşkənd ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən razı idi və qarşıda duran hədəf, vəzifələr bu münasibətləri yeni bir mərhələyə çatdırmaq idi. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il iyun ayının 18-19-da Özbəkistan Respublikasına rəsmi səfəri müstəsna əhəmiyyət kəsb edirdi. İslam Kərimovun Bakıda keçirdiyi rəsmi görüşlərin nəticəsi kimi, ümummilli lider Heydər Əliyevin də Özbəkistanda keçirdiyi görüşlərin, danışıqların nəticəsi olaraq Bakı ilə Daşkənd arasında müxtəlif sahələri özündə ehtiva edən 19 sənəd imzalandı. İmzalanmış sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edirdi. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaratdı.

Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Azərbaycanın xarici siyasətində Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb. Belə ki, 2004-cü il martın 23-24-də Prezident İlham Əliyevin Özbəkistanda dövlət səfərində olması da bütün bunların uğurlu davamı kimi qiymətləndirilir. Onu da qeyd edək ki, səfər zamanı “Azərbaycan və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Sonda qeyd etmək yerinə düşər ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri təkcə Özbəkistanla yekunlaşmır. Qırğız Respublikasının Prezidenti 2022-ci ilin aprel ayında Azərbaycana səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”nin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə yüksəldib. Həmçinin Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur. Bundan başqa, Türkmənistan və Tacikistanla son dövrlər intensiv məktub mübadiləsi həyata keçirilir. Həmçinin Prezident İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib.