“Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin təlimləri keçirilir

A62c263e 6f03 4599 b512 56d315a1167a 6aa7ee5a49371

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsi çərçivəsində təlimlər keçirilir.

Layihənin ilk modulu “Qanunvericilik və təhsil siyasəti” mövzusuna həsr olunub. Təlimçi qismində Bakı şəhəri 263 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səkinə Hüseynova çıxış edib.

Təlimlər hibrid formatda təşkil olunur. Layihəyə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 35 nəfər iştirakçı qoşulub və iştirakçıların bir qismi təlimlərdə onlayn formatda iştirak edir. Bu format müxtəlif bölgələrdən olan iştirakçıların vahid öyrənmə mühitində bir araya gəlməsinə və təcrübə mübadiləsi aparmasına imkan yaradır.

İlk modul çərçivəsində iştirakçılara təhsil sahəsində qanunvericiliyin əsas istiqamətləri, təhsil siyasətinin prioritetləri və təhsil müəssisələrinin idarə olunmasında hüquqi-normativ çərçivənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim zamanı təhsil rəhbərlərinin fəaliyyətində qanunvericilik tələblərinin nəzərə alınması, düzgün və əsaslandırılmış qərarvermə, eləcə də müasir təhsil siyasətinin idarəetmə proseslərinə tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, “Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin əsas məqsədi gələcəyin təhsil rəhbərlərinin peşəkar və liderlik bacarıqlarının inkişafına töhfə vermək, təhsil idarəçiliyində innovativ düşüncəyə malik kadr potensialının formalaşdırılmasını dəstəkləməkdir.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur.